Maşın almağa imkanı olmayanlara MÜJDƏ

Maşın almağa imkanı olmayanlara MÜJDƏ

Azərbaycanda artıq bir neçə ildir ki, Naxçıvan, Hacıqabul, Neftçala və Gəncə kimi şəhərlərində yerli yığım avtomobillər hazırlanır. Sözügedən Sənaye zonalarında “Şevrolet”, “İsuzu”, VGV, UAZ, “Lada”, “Xəzər” (Khazar) və s. markalı avtomobillər istehsal edilir. Yerli maşınlara tələbat olduqca yüksəkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə yerli yığım avtomobillərin satışı təqribən 60% artıb. Üstəlik, bu nəqliyyat vasitələrini alanlara olduqca sərfəli güzəştlər tətbiq olunur.
Fakt.az Musavat.com-a  istinadən xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, hazırda bu maşınlar sərfəli daxili lizinq şərtləri ilə satılır:
“Söhbət maşınların satışındakı güzəştlərdən gedirsə, yerli istehsal avtomobillər onsuz da sərfəli daxili lizinq şərtləri ilə satılır. Hətta bu maşınları alan şəxsin bank gecikməsinə də nəzər yetirilmir. Çünki həmin maşınlar sosial vəziyyəti aşağı olan insanlar üçün nəzərdə tutulub. Ona görə bu kateqoriyadan olan şəxslərə nəqliyyat vasitələri maksimum güzəştli şərtlərlə verirlər”.
E.Əliyev qeyd edib ki, güzəştlər daha çox maddi gəliri aşağı olan insanların avtomobillə təmin olunması üçün nəzərdə tutulub:
“Alıcılar dərindən araşdırılmır. Yəni onsuz da bu avtomobillər maddi gəliri aşağı olan insanlar üçün minimal ilkin ödənişlə satılır ki, onlar maşınlardan, el dili ilə desək, “çörək ağacı” kimi istifadə edə bilsinlər. Təbii ki, bu, alqışlanası bir addımdır”.