Qlobal arenada prinsipial mövqe

Qlobal arenada prinsipial mövqe

Məşhur Məmmədov,
Millət vəkili


2024-cü il 24 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Kazan şəhərində keçirilən XVI BRICS Sammitində çıxışı Azərbaycanın qlobal siyasətdə artan rolunun, iqtisadi və strateji əhəmiyyətinin bir daha təsdiq olunması baxımından diqqətəlayiq idi.

Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib.
Sammitdə iştirak edən ölkə liderləri, dünya miqyasında mühüm iqtisadi və geosiyasi qərarların qəbul edildiyi platformalarda bir araya gəldilər.Cənab Prezident İlham Əliyev öz nitqində Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, ölkənin qlobal iqtisadiyyata və enerji təhlükəsizliyinə verdiyi töhfələr haqqında ətraflı çıxış etdi.
BRICS qlobal iqtisadiyyatda mühüm təsir gücünə malik olan dövlətlər birliyidir. Azərbaycanın bu sammitdə iştirakı ölkənin bu cür beynəlxalq iqtisadi əməkdaşlıqlara nə dərəcədə əhəmiyyət verdiyini göstərir. Prezident İlham Əliyev çıxışında Azərbaycanla BRICS ölkələri arasındakı ticarət və investisiya əlaqələrinin inkişafını vurğuladı. Xüsusən də, enerji resursları, nəqliyyat və logistika sahəsində Azərbaycanın oynadığı roldan bəhs edərək, bu əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd etdi.
Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.
Prezident İlham Əliyevin çıxışında əsas vurğuladığı mövzulardan biri Azərbaycanın dünya enerji bazarındakı strateji roluna həsr olunmuşdu. Azərbaycan, həm neft, həm də təbii qaz təchizatçısı olaraq, Avropa və Asiya arasında enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) kimi layihələr Azərbaycanın dünya enerji xəritəsində önəmli mövqeyini möhkəmləndirib. İlham Əliyev çıxışında bu layihələrin regionda sabitliyin qorunması və enerji tələbatının qarşılanmasında əhəmiyyətini bir daha xatırlatdı.
Prezident çıxışında, eyni zamanda, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi sahəsində görülən işləri də qeyd etdi. Enerji resurslarından asılılığı azaltmaq məqsədilə qeyri-neft sektorunun inkişafı diqqət mərkəzindədir. Kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və digər sahələrdə ölkənin böyük potensialı var. Ölkə başçısı Azərbaycanın bu istiqamətlərdə beynəlxalq əməkdaşlıq üçün açıq olduğunu bildirdi və BRICS ölkələri ilə bu sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinə çağırdı.
Sammitdə İlham Əliyev, Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrilməsindən də bəhs etdi. Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat layihələri vasitəsilə Azərbaycan Asiya ilə Avropa arasında ticarət marşrutlarının inkişafına mühüm töhfə verir. Prezident Azərbaycanın "Orta Dəhliz" olaraq tanınan marşrut üzrə tranzit rolu oynadığını vurğuladı və bu əməkdaşlığın BRICS ölkələri ilə genişləndirilməsi üçün əhəmiyyətli imkanlar olduğunu qeyd etdi.
BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir. Yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edən BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır.
Cənab prezident İlham Əliyevin Sammitdə çıxışında qeyd etdiyi kimi, növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək.